|
Evə gedəndə
artıq hiss elədim ki, istinin təsirindənmi, ya nədənsə başım küt-küt ağrımağa
başlayır. Dedim, cəhənnəm, birtəhər özümü evə çatdırıb istirahət edərəm, başımın
da ağrısı keçər, yorğunluğum da çıxar...
Avtobus salonuna daxil olan kimi bayaqkı fikirlərim alt-üst oldu. İstədim aşağı
düşüm, amma gec idi, sürücü bir ucunu yanındakı tutacağa bağladığı iplə sınıq-salxaq
qapını dartıb örtdü və “razqom” götürdü, nə götürdü. Həqiqətən, belə
mikroavtobuslarda ayaqüstü getmək adamdan böyük igidlik tələb edir. Sürücü
saatda neçə ilə sürürdü, Allah bilir. Saxlayanda isə elə tormoz verirdi ki,
avtobusun qabaq şüşəsinə kəllə vurmaqdan özünü güclə saxlayırdın. İndi təsəvvür
edin, istər əyləşən, istərsə də ayaq üstə gedən sərnişinlər nə vəziyyətə
düşmüşdülər. Nə isə, qarşıdakı sərnişin düşəndə birtəhər keçib onun yerində
əyləşdim. Sürücü siqaretini də alışdırıb, maqnitofona “polnı xod” verəndən sonra
sürəti bir az da artırdı. O elə bilirdi ki, sümürdüyü siqaretin ucunda yığılıb
qalmış külü pəncərədən çölə üfürür, əslində isə o kül üstümə sovrulurdu,
qoxusunu isə məcburən də olsa, ciyərlərimə çəkdiyimdən burnumdan tüstü çıxırdı.
Onun sərnişinlərlə qaba davranışı, kobud rəftarı adamı hövsələdən çıxarırdı.
Belə sürücülərə: “filan yerdə saxla” deyən kimi, “bura dayanacaq deyil, saxlaya
bilmərəm” cavabını verir. Yaxşı bəs onda dayanacaq olmayan yerdə niyə saxlayıb
sərnişin götürürsən? Əgər qanuna riayət edirsənsə, niyə qanunu yalnız öz xeyrinə
işlədirsən? Onda da qanını elə zəhərləyir ki, bəlkə ilanın, əqrəbin zəhəri onun
yanında təsirsizdir, çünki o “zəhər” adamın iliyinə işləyir, infarkt dərəcəsinə
çatdırır, dişlərini qıcayıb özünü zorla ələ alırsan. Belələrinin salona adam
yığıb “presləmək”dən də gözü doymur. Çünki adamlara pul kimi, cansız əşya kimi
baxırlar.
Bəli, bütün bunlar hamımızın gündəlik qarşılaşdığı və yaşadığı əsəbiliklər,
stresslər, üstəlik, belə demək mümkünsə, sürücülərin göz görə-görə biz
sərnişinlərə verdiyi həm mənəvi, həm fiziki işgəncələrdir.
Bir vaxtlar sevindik ki, paytaxtımıza təzə, iri, geniş avtobuslar verdilər,
canımız çirkli, hisli-paslı, oturacağı özündən yekə mikroavtobuslardan qurtardı.
Demə görəcəkli günlərimiz qabaqda imiş, onlar bu birilərindən də betərmiş.
Dayananda da üzünü görmə, yol gedəndə də, səsindən qulaq tutulur, əsəblərini
gərir. Paytaxta gətirildikləri 1 il ya olar-ya olmaz, yaman günə düşüb, sökülüb-tökülüblər.
Nə isə, bütün bu çatışmamazlıqlar təkcə nəqliyyat sahəsində deyil, digər
sahələrdə də baş alıb gedir. Çoxuna da “gözün üstə qaşın var” deyən yoxdur. Ona
görə bu cəmiyyətdə çatlar yaradan bir qrup cavabdeh məmurların ucbatından hələ
çox şeylərlə qarşılaşmalı olacağıq. Allah bizə səbir versin.
Xatırlama
Ötən həftə ölümünün üçüncü ili idi. Bəli, yoxluğundan 3 il ötdü. Adətən
dünyasını dəyişənlər barədə: “neçə ildir ki, onsuzuq, onsuz yaşayırıq”, -
deyirlər. Mən isə bu fikirlə barışa bilmirəm. Bəlkə də sağlığından daha çox indi
səninlə, daha doğrusu, ruhunla dərdləşir, söhbətləşirəm. Bilmirəm, ola bilər bu,
bir təskinlikdir verirəm özümə. Tez-tez yuxularıma gəlirsən, narahatlığımı duyub
“səbirli ol” deyirsən mənə. Beləcə cismən yoxluğunu unuduram, ata. Ruhunla,
varlığınla həmişə, hər an mənimləsən. “Ölməzliyə qovuşmaq” deyirlər, sən də
ölməzliyə qovuşdun, əbədiyaşar oldun. Bir pedaqoq kimi xalqından 40 il əməyini
əsirgəmədin, biliyini paylaşdın yetirmələrinlə. Bu gün onların elm sahibi
olmasında sənin də payın var. Yetirmələrin adından, öz adımdan bir daha “ruhun
şad olsun” deyirəm. Allah-Təaladan dünyasını dəyişmiş bütün valideynlərə rəhmət
diləyir, ruhları qarşısında baş əyirəm. |